Cari ilin 28 aprel tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev Gürcüstanda Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) idarə heyətinin sədri Nəriman Qurbanovun təşəbbüsü ilə “Azərsun Holdinq”in Gürcüstanda fəaliyyət göstərən Azərbaycan kapitallı “Aqara Şəkər” Zavodunu ziyarət etmişdir.
Görüş çərçivəsində “Azərsun Holdinq”in Gürcüstan üzrə müdiri Nikoloz Natbiladze və “Aqara Şəkər” Zavodunun direktoru Alxan Əlizadə, Səfir F.Quliyevə zavodun fəaliyyəti, həyata keçirilmiş texnoloji yeniliklər və müəssisənin yerli iqtisadiyyata töhfəsi haqqında məlumat vermişlər.
Öz növbəsində, Səfir zavodun ətraflı təqdimatına görə təşəkkür etmiş, Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi sahədə mövcud olan əməkdaşlıq münasibətləri, həyata keçirilən birgə layihələr, qarşılıqlı sərmayə qoyuluşu və son illər iki ölkə arasında artmaqda olan ticarət dövriyyəsindən söz açmış, Azərbaycan və Gürcüstanın iqtisadi potensialının yeni zirvələr qət etmək iqtidarında olduğunu vurğulamış və bu istiqamətdə birgə səylərin əhəmiyyətini qeyd etmiş, zavod rəhbərliyinə fəaliyyətlərində uğurlar arzu etmişdir.
Azərbaycan Respublikasının səfiri cənab Faiq Quliyevə təşkilatımızın üzvü olan “Aqara Şəkər” Zavoduna etdiyi bu əhəmiyyətli ziyarət və təşkilatımıza göstərdiyi daimi qayğı və diqqətə görə dərin minnətdarlığımızı bildiririk.
Qeyd etmək istəyirik ki, üzvlərimizə olan ziyarətlər gələcəkdə də davam edəcəkdir.








