28.05.2025
Cari ilin 28 may tarixində Azərbaycan Respublikasının Müstəqillik Gününün 107 illik yubileyi ilə əlaqədar olaraq, Tbilisi şəhərində yerləşən “Pullman Axis Towers” otelində rəsmi qəbul keçirilmişdir. Tədbirdə fəxri qonaq qismində Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili, eləcə də deputatlar, nazir və nazir müavinləri, qubernatorlar, merlər, dövlət qurumları və agentliklərinin rəhbərləri, Gürcüstanın xalq müdafiəçisi (Ombudsman), Gürcüstanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəlik rəhbərləri və heyət üzvləri, hərbi attaşelər, iş adamları, ölkənin ictimai-siyasi xadimləri, elm adamları, soydaşlarımız, mətbuat nümayəndələri iştirak etmişlər.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxış edərək bildirib ki, cari il Azərbaycan və Gürcüstan dövlətləri, eləcə də region üçün tarixi əhəmiyyət daşıyır. O qeyd edib ki, 1918-ci il mayın 26-da Gürcüstan, mayın 28-də isə Azərbaycan öz dövlət müstəqilliyini elan edib və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması barədə İstiqlal Bəyannaməsi qəbul olunub.
Səfir çıxışında Gürcüstan-Azərbaycan iqtisadi əlaqələrinə də toxunub, o cümlədən o, Gürcüstandakı Azərbaycanlı İş Adamları Assosiasiyasının (AZEBİ) iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı və möhkəmləndirilməsindəki rolunu xüsusi vurğulamışdır.
Daha sonra cənab səfir, iki ölkə arasında biznes və iqtisadi əlaqələrin təşviqindəki xüsusi roluna görə AZEBİ-yə təşəkkür etmişdir. Ardınca o, Gürcüstan Parlamentinin Sədri Şalva Papuvaşvili ilə birlikdə AZEBİ İdarə heyətinin sədri cənab Nəriman Qurbanova və tədbirin sponsorluğunu təmin etmiş assosiasiya üzvlərinə təşəkkür etmiş və baş sponsorları xüsusi hədiyyələrlə mükafatlandırmış və gələcək fəaliyyətlərində onlara uğurlar arzu etmişdir:
- “SOCAR Energy Georgia” MMC şirkətinin baş direktoru cənab Mahir Məmmədov,
- “Agrosystems” MMC-nin rəhbəri xanım Rəna Babayeva,
- “Dapna” MMC-nin rəhbəri cənab Vüqar Ərəbov,
- “Magnus Insurance Brokers” şirkətinin rəhbəri cənab Ramin Qurbanov,
- “Gaspi Geo” MMC-nin rəhbəri xanım Qaratel Alaxverdova,
- “Real Pharma” MMC-nin rəhbəri cənab Elcan Abdullayev.
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili də çıxış edərək Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib. O, Azərbaycanla Gürcüstan arasında bütün sahələrdə münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb, parlamentlərarası əməkdaşlığın bu əlaqələrin güclənməsindəki rolunu xüsusi qeyd edib.
https://www.facebook.com/share/p/1Rc27c9tLH
https://www.facebook.com/share/p/1C63sibd2P
https://www.facebook.com/share/p/1F3iWWXwfB





















